Antonio Negri: “Milan, Qətiyyətlə…”

Sərsəmləmiş və heyrətlənmiş bir haldayam. Parisdən Romaya qayıtdım. Mənimlə İtalya ədaləti arasında bağlanmamış köhnə haqq-hesablara görə tətilimi orada, həbsxanada keçirirəm. Amma məni təəccübləndirən və çaşdıran bu deyil: həbsxana sürgünə getmədən qabaq necə buraxmışdımsa eyni haldadır. Digər tərəfdən İtalya cəmiyyətində son on beş ildə dəyişmiş olan çox vacib bir şey var: futbol. O qədər dəyişib ki, artıq heç bir şey başa düşmürəm. İçinə düşdüyüm böhran çox dərindir və qətiyyən şişirtdiyimi fikirləşməyin. İtalyada ən yaxşı bilinən şeylərdən biri də odur ki, yaşaya bilmək üçün futbolun havasını hiss etməyi bacarmaq lazımdır. Bu ideal bir havadır, özünə məxsus bir jestlə yaranır ve Serie A-nın bir komandasının azərkeşi olmağa (tifossi) söykənir. Bir kluba bu şəkildə azərkeş olmaqla bir həyat anlayışı və dəyərlər dünyası yaradılmış olur. Paris-VIII universitetində dərs keçdiyim zamanlarda Olimpik MarselPSJ-nin vəziyyətini rektor Helenden başqa heç kimlə müzakirə edə bilmirdim. Çünki bu digər müəllimlərin vecinə  deyildi. Burada Romada, həbsxanada, bütün məhkumlar, gözətçilər, ziyarətçilər, liqa oyunlarının olduğu hər bazar ertəsi ya da kubok oyunlarının olduğu hər çərşənbə günləri söhbətə qaçınılmaz olaraq futboldan başlayırlar. Həbxsana xaricində də vəziyyət eynidir. Dünyanın başqa hər hansısa bir yerində bir kafenin müştəriləri havanın necə olduğundan və ya başqa bir mövzulardan da söhbət edə bildikləri halda, burada Yuventus, İnter, Napoli haqqında müzakirə edib, tarixi yenidən yazıb, yeni turnir cədvəlləri uydurmağa davam edirlər. İtalyanlar boğazlarına qədər futbola batmış vəziyyətdədirlər. Sərsəmlik və heyrət mənə bu bataqlıqdan gəlir. Çətin də olsa hər şeyin dəyişdiyini qəbul etməyə məcburam. Problem A Seriasının ən yüksək dəyərə sahib olmaması deyil, qətiliyin uzun müddətdən bəridir məhv olmağa tərəf getməsidir. Bu mədəniyyətin həqiqi böhranıdır. Bu dəyərlər böhranının, qətiliklərin bu cür alt-üst olmasının üç nümunəsini verəcəyəm. Əvvəllər hansı klubun azərkeşi olacağını müəyyən edərkən (ya da bu ailə vasitəsilə keçərkən) insanlar nəyə görə qərar verəcəklərini bilirdilər. Milan, Torino və Roma şəhər proletariyasının “qızıl” komandalarıydı. Digər tərəfdən İnter, YuventusLatzio müdürlərin komandası idilər – Milandakı böyük finans burjuvaziyasının, Angelli Ailəsinin ve Turindəki Fiat qrupunun, Romanın mülk sahibi məmur aristokratiyasının… Oyuna getmək hansı sinifə aid olduğunu anlamaq idi, tifoyla spesifik bir şəhər mədəniyyətini ifadə etmək idi, şəxsiyyət mübarizəsi aparmaq idi. Bu inanc nəsildən nəsilə keçirdi. Uşaq ikən qırmızı-qara libasda atamla Milanın oyunlarına gedərdik və yetmişinci illərdə (bunu mənim məhkəmə hakimimə deməyin) Milanlı təşkilat, Qırmızı-Qara briqadanın qurucuları arasında idim.

Oğlumla iki qızımı -birinin sevgilisinin İnter azərkeşi olmasından şübhələnməyimə rəğmən- bu ruhda böyütmüşəm. Artıq bütün bunların heç bir mənası qalmayıb. Milanı Berliskoni aldı və əvvəllər olduğu kimi artıq Van Bastenin, Qullitin və Reykardın Sovetvari profilləri olan köynəklərini vermir, kommunizmin Qara Kitabını təqdim edir. Qırmızı-Qara briqada artıq Milanın daxili zonasının Milanlılarından yox kiçik alman müdürlərdən təşkil olunub. Digər tərəfdən Alfa Romeonun işçiləri (hələ qovulmamış kiçik hissəsi) neft müdüri Morattinin İnterinə azərkeşlik edirlər. Qəlbimi yerindən sökülmüş kimi hiss edirəm. Və bu hal hər yerdə eynidir. Burada, yəni Romada Vatikan Şahzadələrini, şəhərətrafı sakinlərini və Maqrib qaçqınlarını Latzio tribunalarında görürük. Roma isə nazirliklərin, böyük məmurların, çoxmillətli şirkətlərin və QHT-lərin komandasına çevrilib. Torinodan danışmağa belə ehtiyac yoxdur. Demokrat ve qırmızı köhnə Torino artıq ikinci liqadadır və Yuventus artıq qəlbi olmayan, təkcə hər yerindən eşidilən kilisə zəngləriylə başqa şəhərlərdən fərqlənən, sosioloqların təbirilə “xidmət” şəhərinə çevrilmiş Torinonu müstəmləkə halına çevirib…

Və “tifo”nun dəyişməsiylə bağlı ikinci nümunəmlə göstərəcəyəm ki, bu da kifayət etməyib. Əvvvəllər Şimalın böyük komandaları qarşısında Cənubun komandaları dayanırdı. Palermo, Kalyari, Bari, Leccei Avellina və əsas olaraq da Napoli. Bunlar sadəcə yerli komandalar deyildi, Cənubun bütünləşməsinin simvolları idilər. Əminliklə deyə bilərəm ki, futbol İtalyanın birliyi üçün Qaribaldidən daha çox iş görüb. Və daxili köç artdıqca Cənubun azərkeşləri Şimalın böyük komandalarının müttəfiqi oldular. Maradonanın üç Yuventus futbolçusunun arasından vurduğu möhtəşəm bir qol, ardından qapıçının başı üzərindən aşırtma bir baş zərbəsi… Napoli qələbə qazandı və eyni zamanda Cənubun modernləşdiyini isbatladı… Bu gün hər şey bitmiş vəziyyətdədir.

Əsas liqada artıq Cənub yoxdur; Napoli bu il ikinci liqaya düşdü. Niyə təəccüblənməliyik axı? Cənub bütünlüklə köç etmiş vəziyyətdədir; aktiv əhalinin 30 faizi işsizdir və Avropa heç vaxt indiki qədər uzaq görünməmişdi. (Bu vəziyyətin mənə kömək etdiyini etiraf etməliyəm. Rebibbia həbsxanasına gəlməmişdən qabaq Milana olan inancımı elan etməyimin heç bir faydası olmayacağı, əksinə pis nəticələr yarada biləcəyi barədə mənə xəbərdarlıq olunmuşdu.) Şimalın böyük klublarını sevməyən məhkumlar və gözətçilərlə birgə yaşayacaqdım. Bir müddət bu səfil futbol dünyasının çox üstündə dayanan intellektual ədasıyla heç kimə rəng vermədim, amma müşahidə olunduğumu hiss edirdim; tez-tez tələyə düşürən suallara məruz qalırdım və nə cavab verəcəyimi bilmirdim. Bir gün ağlıma mükəmməl bir fikir gələnə qədər vəziyyət elə bu cür də davam etdi. Bu həbsxanada Latzio və Roma azərkeşlərilə birgə bir də Napoli azərkeşi var. Bu aralar taleyi tam bir səfalətə çevrilmiş Napolinin azərkeşi kimi davransaydım nə itirmiş olardım ki? Üstəlik bu il Milanın vəziyyəti də o qədər parlaq deyilkən…

Sonuncu misalım isə bu yoxsul ölkədəki dəhşət verici dəyərlər böhranının qətiyyən bitmədiyini göstərir. İnsanlar, inanılmaz düşüş içində olan İtalya yığmasıyla getdikcə daha az maraqlanırlar. Şübhəsiz İtalyanlar millətçilikdə elə də iləri getmiş insanlar deyillər. Ölkənin marşı səslənərkən bir neçə cümlədən çoxunu deyə bilən insan sayı azdır. Amma yığmaya qarşı bu laqeydliyin bu dərəcəyə çatacağını qətiyyən düşünmürdüm. Hələ 1982-də sürgünə getməmişdən əvvəl vəziyyət indikindən çox fərqli idi. O yay İtalya Madriddə Dünya Kubokunu qaldırmışdı. Yoldaşlarımla birlikdə gözətçilərlə münasibətin “mən səni söyüm sən də məni əzişdir” səviyyəsində olduğu xüsusi bir respublika təcridxanasında idim. Və budur çempionluğun qazanıldığı gecə həbsxanada bütün qapıları açdılar (bir il əvvəl yaşanan zəlzələ vaxtı bunu etməmişdilər) və məhbuslarla gözətçilər quçaqlaşıb birlikdə qədəh toqquşdurdular. Amma bu gün hamımız dünya bazarında yaşayırıq. Əgər bir İnter azərkeşinə Squadra Azzuranımı yoxsa Ronaldonun Brazilyasınımı, bir Yuventus azərkeşinə İtalyanımı yoxsa Zidanın Fransasınımı seçərsən deyə soruşsaq, eyni şeyi Batistutanın Argentinası, Boksiçin Xorvatiyası üçün tətbiq etsək hansı cavabı alarıq? Həqiqətən heyrətlənmiş haldayam. Çünki mən də özümü post-modern qeyri-müəyyənliyin girdabına düşmüş, futbolun qloballaşmasının sehrinə qapılmış və bunun nəticəsi olan dəyərlər böhranının içinə boğazıma qədər batmış hiss edirəm. Amma xeyir, şeytana uymayacağam; bəli, dünya kubokunda Squadra Azzuraya azərkeşlik edəcəyəm (və bunu etməyimin səbəbinin komandanın təməl oyunçuları olan Maldini, Kostakurta və Albertinin Milan futbolçuları olduğunu heç kimə deməyəcəm…)

Tərcümə: Şahin Tağızadə

 

Bir şərh yazın