“Sevgilim, Meqapolis” – Elmaddin Suleymanov

Cəhənnəmin paytaxtı, Konstantinopola həsr edilir…

Kafelərdə, barlarda, avtobus və metrolarda, yaşadığım və yaşamadığım evlərdə, bəzən turist, bəzən vətəndaş, bəzən bir özgə, bəzənsə xəyali gəzişdiyim şəhərlərdə, içimə həyat ağacı tək kök atıb, zamanla böyüyən, budaqlanan mənəvi təklik hiss etmişəm. Kafkaesk tonda ifadə etsək: “Mənim tənhalığım insanlarla dolu idi…

Mənəvi tənhalıqda – məkan və zaman konsepsiyasını itirir, səslər qeybə çəkilir, üzlər bulanıqlaşır, an etibariylə (“burada” və “indi”) baş verən bir hadisə, üz-üzə oturduğunuz insanın işlətdiyi bir cümlə, bir başqa hadisə (epizodla), bir digər fikirlə calaşır və siz bütün bunların nəticəsində öz tərki-dünyanıza çəkilirsiniz…

Nədir bu hissin mənası? İnsan niyə bu duyğuya möhtacdır? Yoxsa bu (eyni zamanda utanc hissi yaşadığım) gizli ehtiras, həyatdan qaçmaqla fəxr etməkdir?… Həyatdan qaçmağa çalışmaq da, təkliyinlə fəxr etmək qədər, axmaqcadır. İnsan maddi vəya mənəvi – heç fərq etməz, təkliyiylə qürrələnirsə, deməli həyat onu çoxdan sikib… Yolunda getməyən çox şey baş verib… Sən, sadəcə sikdirmisən deməli…

Yadlıq? İndivindual dekadans? Soyuqluq? Buzlaşma? Sentimental yoxluq?… Yoxsa meqapolisin modernləşdirərək məhv etdiyi insan portreti?…  (Simmel, sənin üçün çox darıxıram!) Ah, hərdən mənə elə gəlir ki, insanın tənhalığını təmsil edən böyük söz yaddaşına sahibəm… Sonra bu hiss ötür, o uğultulu səssizlikdə hər kəsin o anda yaşadığım hisslərə oxşar (bəlkə də eyni) duyğular keçirdiyini zənn edirəm. Bəli, onlar da danışır, mənim kimi gülür, siqaretini yandırır, kofe və içkisini içir; lakin qəribə olan və məni onlardan ayıran, bu insanların mənim kimi ətrafa bir acgöz, bir kəndli doymazlığıyla baxmamasıdır… Onlar baxışlardan çəkinirlər. Gözlərdən qorxurlar. Onlar baxırlar, amma görmürlər…

Hərəkətin olmadığı (momentin dayandığı) yerlərdə bacardıqca ətrafa nəzər yetirirəm. Baxışımı – təsadüfən – (baxanın baxılandan baxış tələbi hissiyatıyla) bir başqa baxış tutduğu əsnada gözlərimi tələsik və əlaqəsiz detala çevirirəm. Detaldan yenə insana, mənzərəyə, “keçmiş” və “indiyə” qayıdıram… Bu sanki insanları yeni doğulmuş körpə – vəya illərdir komada qalan xəstənin bir gecə oyanışı kimi – kəşf etməkdir. Hər gün yüzlərcə təzə və bir daha görməyəcəyim, üzlər. Minlərcə fərqli geyimlərin içində gəzişən hekayələr… İnsanın bir başqa insan üzünə dözəcək gücü qalmayıb artıq.

Mavi payız günlərinin birində, yorğunluğumu çıxartmaq naminə kiçik bir kafeyə girib, kofe sifarişi verdim. Kafe şəhərin mərkəzi küçələrinin arxasında yerləşən, xalqa açıq bir ərazinin içindəydi. O kafeni xüsusilə insana və təbiətə açıq olduğuna, köhnə qramofonundan Erik Satie eşdildiyinə görə  sevirdim… (O – stol/stullardan, çay, kofe, pivə və qəndlərdən, menyu və insanlardan ibarət olduğuna görə, hər gün səhərləri inşaa edilir, gecələri sökülürdü…) Kofemi içə-içə insanlara baxır, bir tərəfdən də səki və yollarda su kimi axan həyata diqqət kəsilirdim. (Baudelaire, sənin üçün çox darıxıram!) Kafenin tinində yerləşən – gözdən iraq – masamdan bir neçə addım aralıda iki gənc qız oturub, söhbətləşirdilər. Qarşımdaki masada isə bir kişi əllərini teatral şişirtməylə iki yana açaraq qadına – indi xatırlamadığım – maraqsız bir hekayə nəql etməyə cəhd edirdi. Bütün bu paralel hadisələrin fonunda isə, kafenin kənarından – kafeyə (o sanki mövcud deyilmiş kimi) baxmadan – keçən, əynində qırmızı – nimdaşlaşmış – paltolu bir qadını fərq edirdim. Addımları sürətli və tələskən idi… Nə məni, nə kafeni, nə də hal-hazırda içinə qarışıb gözdən itdiyi qələbəliyi görüb, fərq etdi… Bəlkə də dəfələrlə gördüyü üçün bu belədir. Meqapolis sakinlərinin taleyi o qadının hərəkətlərində təzahürləşir: Eynilik, yadlıq, tələskənlik…Əminəm ki, Baudelaire o qadına şeir həsr edərdi. Mən isə onu arxadan süzməklə kifayətləndim. Kaş, məni fərq edərdi. Bəlkə də üzünə aşiq olardım. Sevdiyim köhnə bir qadını xatırladardı mənə. Məni həyata təzədən qaytarardı. Çıxıb gedərdik onunla buradan. Seyrək insanların yaşadığı, kiçik və sakit bir Orta Avropa şəhərinə… Amma heç biri baş vermədi. Çoxdandır ki, heç nə baş vermir.  Üzü yox idi o qadının. Meqapolislərdə insan üzlərinə ehtiyac yoxdur.

Bitən qəhvəmi, bir başqasıyla əvəzlədim. Qısa bir müddət keçdikdən sonra uzaqdan bir səs eşidildi: Kibrit, salfet, alışqan və onlara oxşar, günlük istifadə üçün istehsal edilmiş başqa əşyalar satan, kor, gülməli bir qadın idi bu… Otuz, otuz beş yaş intervalında olan bu qadın, bir-bir masalara yaxınlaşır, mümkün dərəcədə qorumağa cəhd etdiyi səsi və üz ifadəsiylə əşyaları insanlara satmağa çalışırdı… Geyimi isə həddindən artıq optimist, xoş, hətta gülünc sayıla biləcək qədər balerinlərə xas formada idi… Qadının karikaturaya oxşar bədən forması mənə xeyli cazibədar gəlməyə başlamışdı. Xeyr, onunla yatmaq istəməzdim, bəlkə başqa həyatda olardı bu, amma o kafedə, o mavi payız axşamında onu mənə çəkən möhtəşəm gülünclüyü olmuşdu…İnsan haqlarına təcavüz sayıla bilərdi bu; vecimə deyil. Onsuz da sikilməmiş haqqı qalmayıb insanın… Nə isə… Möhtəşəm dərəcədə gülünc idi.  İnsan hər gün balerinlərə xas bu tip geyimləri küçələrdə görməyə öyrəşməyib… Bütün bunlara rəğmən isə işindən, düşdüyü vəziyyətdən bezdiyi, narahat olduğu səsindən bilinirdi…

Hər kəs yavaş-yavaş ağzındaki sözü, əlindəki işi bir müddət dayandırıb ona baxmağa başlamışdı. Üzlərində kor bir qadının, ah, dilənçi olmayan (!) bir qadının həyatın ədalətsizliyi qarşısında göstərdiyi əzəmətə kiçik heyranlıq hiss edilir və o qısa heyranlıq, bir neçə saniyə sonra hadisədən uzaqlaşır, sözə, əldəki işlərə qayıdılırdı… Bir nəfər qadından saqqız alır, bir digər alışqan. Bir neçə orta yaş krizisi yaşayan İstanbul burjuaları onunla hal – əhvallaşırlar. İlahi, necə də hiss edilir ki, əksəriyyəti səmimiyətsizdir… O an yüksək səslə demək, daha doğrusu qışqırmaq istəyirəm ki, dostlar, yoldaşlar, ey Romalılar! Çox satqın dövrdə yaşayırıq biz. Gülümsəməyəni, aldatmayanı, yola verməyəni sikirlər böyük şəhərlərdə. İnsanlıq, tarixinin ən alçaq periyodunu yaşayır və hətta bundan qürur duyanlardan ola bilərik! Saflığı və məsumiyyəti unutmalısan, demək istəyirəm qadına. Huxley haqlıdır deyə tüpürmək istəyirəm sifətinə: Hamımızı aldadırlar. Sophokles daha ağır həqiqəti yazdı: Yazdı ki, insanın ən böyük uğuru doğulmamaq olardı, onu da çox azımız bacardı. Xoşbəxtliyinizdən iyrənirəm demək istədim. Ancaq ağzımdan qadına tərəf səslənən “Dayanın” ifadəsi çıxdı… Qadın dayandı. Baxışları qeyri müəyyən sonsuzluqdaki boşluğa zillənərək, səsi, qaranlığa qərq olmuş səsimi axtardı… “Mənə səsləndiniz?” deyə soruşdu. O an tutulduğumu, qəribə bir sükutla donub qaldığımı xatırlayıram… Axı niyə görə ona “dayanın” demişdim? Yaranan uzun pauzanın nəticəsində kafedəki baxışların əksəriyyəti bizə çevirilir, və mən o an başa düşürəm; başa düşürəm ki, məni sükutda saxlayan onun səsindəki soyuqluq və yadlıqdır. Bezginliyi bütün ruhumu əsir alır… Və fikirləşirəm ki, niyə zamanı dondurmayaq?

“Mənə səsləndiniz?”… Bəzi baxışlar mənə, bəzi baxışlar kor qadına, bəziləri isə hər ikimizə baxır. Ehtiyacım olmayan bir şeyə görə ona niyə səsləndim? İndi nə etməli? Zamanı təzədən işə düşür… Ayağa qalxaraq – üzr istəməyərək – cibimdən çıxartdığım bir miqdar pulu əlinə uzadıram. O da məndən “Nə almaq istəyirsiniz?” deyə soruşur. Çaşqın halda “heç nə” deyə bilirəm. Çünki Erik Satie ifa edən o kafedə, o mavi payız gecəsində doğurdan da mənim heç nəyə ehtiyacım yoxdur… “Mən dilənçi deyiləm!” deyir, səsi aqressiv və günahlandırıcıdır. (İsa, sənin üçün çox darıxıram!) Yoluna davam edir. masamın yanındaki qızlar mənə baxıb, bunun psixologiyada insanları təhqir mənasına gəldiyini deyir. Onlar zəyif deyillər. Mənim kimi insanlar onları bədbəxt və işə yaramaz kimi hiss etdirirlər. Bu da onları gecənin bir aləmində intihar barəsində düşündürür… Gənc qız monoloqunu Freuddan sitat gətirərək yekunlaşdırır. Cümlə həqiqətən xoşuma gəlir, amma indi xatırlamıram…Mən o gecə fikirləşəndə belə qənaətə gəlmişdim ki, mən ümumiyyətlə Freuddan heç nə başa düşmürəm… Qız ayağa qalxaraq qadına yaxınlaşıb mənim adımdan üzr istəyir. Siqaret çəkmədiyi halda ondan alışqan alır. Və dərhal mənə, heç olmasa alışqan alardınız deyir… “Ehtiyacım olmayan şeyi almamaq kimi prinsipim var” deyib, məsələni bağlayıram. Ətrafda hər şey əvvəlki kimidir… Kofem və Erik Satie təzələnir.

İndi isə tələsmədən, zamanı geri qaytarmağa münasibətiniz necədir?

“Kofe bitir, yeniləyirəm. bir müddət ötdükdən sonra uzaqdan bir səs eşidilir: Kibrit, salfet, alışqan və onlara oxşar bir neçə əşya satan kor bir qadındır bu. Bir-bir masalara yaxınlaşır (…) biri qadından saqqız alır, digəri alışqan. Yavaş yavaş oturduğum masanın yanından keçdikdə qeyri ixtiyari ona səslənirəm. Əslində ona da deyil, sadəcə “dayanın!” çıxır ağzımdan. Dayanır. Baxışları qeyri müəyyən uzaqlıqdaki boşluğa zillənərək, “mənə səsləndiniz?” deyə qarşılıq verir. Bir qəribə oluram, kafedəki baxışların əksəriyyəti bizə çevrilir, səsindəki soyuqluq və bezginlik məni çaşdırır…

“Xeyr, yanımdaki şəxsə səsləndim” deyib, kofemi içirəm. Qadın xəfif təəssüf hissiylə masamın yanından uzaqlaşır. Halbuki yanımda heç kim yoxdur, mən təkəm. O qızların timsalında kafedə o epizodu görən hər kəsi təssəvvür etməyə çalışıram bu yerdə: Kor və həyata qarşı əzəmətli mübarizə aparan bir qadını dolayan əxlaqsızın biri oluram… Onlar mənim üçün məzələnmək naminə doğulublar sanki. Hamı o an məni çarmıxa çəkməyə hazır olardı… Amma mən bunların heç birini etmədim. Sadəcə bir an xəyal qurdum. İki halda da əxlaqsız insan etdilər məni. Üçüncü bir vəziyyətə belə səni şallaqalayacaq bir səbəb mütləq tapacaqdılar. Kofemi içə – içə hansı daha böyük günah, hansı daha ağır əxlaqsızlıq nümunəsidir, deyə fikirləşdim.

Qadını təhqir etmək istəmişdim? Əgər elədirsə, hansı səbəblə? Yox bu əxlaqsızlıq, təhqir deyildisə, niyə kiçik kafenin içindəki gözlər təhqir etdiyimi qışqırırdı?

Qadına kömək etmək istəyirdim. Bəlkə də həqiqətən ilk dəfə içdən, maskasız, özüm olmağa çalışaraq. Cibimdə alışqanım var idi. Fikirləşirdim ki, alışqanı ehtiyacı olan başqasına sata bilərdi; hətta birgə kiçik də olsa kapitalizmə yumruq vurmuş olardıq; düşünürdüm ki, alışqanım ola-ola, sırf ehtiyacım olmadan qarşı tərəfi məmnun etmək naminə alışqanı almaq – an azı – qarşı tərəfə əxlaqsız yanaşma olardı…

Həyat o hadisədən qabaq davam edirdi, hadisə əsnansında da davam etdi və bütün hallarda – hadisədən sonra da – davam edəcəkdi.

O gün, o kiçik kafedə kiçik həqiqətə çatdım: Zamanı geri qaytarmaq insanın ən qədim arzularından biri, bəlkə də birincisidir; ancaq o kor qadın, o insanlar, ümumillikdə sevgilim meqapolisin həyatı mənə öyrətdi ki, zaman geri qayıdacağı təqdirdə belə, heç nəyi düzəltmək mümkün olmayacaqdı… Zaman qayıtsaydı belə heç nə dəyişməyəcəkdi… Təklər, həmişə biraz əxlaqsız sayılacaqdılar. Təklik, bağışlanılmaz günah idi… Məni təkcə qırmızı paltolu qadın anlayacaq.

Elmaddin Suleymanov.

 

elik

 

 

 

 

 

Bir şərh yazın