Haqqımızda

  1. Zaman dəyişir: hər gün izləmək məcburiyyətində qaldığımız, həyat adlandırılan bu teatr isə bizə elə eyni səhnəni və eyni cümlələri əzbərlətməkdə davam edir. Oxşar hekayələri, müxtəlif ağızlardan eşitməkdən bezdiyimizi dilə gətirərək, qısa cümlələrlə dərdimizi danışmaq istəyirik. (axı qısa yaddaş sizə daha yaxşı tanışdır)

 

  1. Bakirəlik haqda ağız dolusu köşələr yazanların kitaba çevrildikləri; vaxtın sürətlə axışının, gələcəyin məchulluğu fonunda, sabaha qarşı laqeydliyin və mutasiyaya məruz qalmış yazarların eklektikanın mərkəzində dayandığı bir çağda yaşayırıq. Artıq, heç kəs üstümüzə əzbərlədiyimiz 20-ci əsr aqrar ədəbiyyatının qalıqları və ya 18-ci əsrin naturalist axmaqlıqları ilə gələ bilməz.

 

  1. İndi, bütün bu gərginliyin arasında, yeni ehtimalları görmək vaxtıdır. Giriş-gedişat-nəticə üçbucağında boğulmağınızı istəmirik: çünki, bu yalançı sxematika idealist tarixin ədəbiyyat üzərindəki izlərindən başqa heç nəyi xatırlatmır və yaradıcılığı sömürgən kapitalist/elitizmin qurbanına çevirmək üçün icad edilib.

 

  1. Sizdən rasional davranış da gözləmirik; ədəbiyyatda rasionnalıq, yuxuları reallıqlara qarşı yadlaşdırma cəhdlərinin məcmusundan doğur.

 

  1. Akademik qəliblərdən, ayrı-seçkilik kanonlarınızdan və müxtəlif ədəbi kluarlarda adınıza yamaq edilən təxəllüs xəstəliklərinizdən də iyrənirik; sadaladaqlarımız sərbəstlik anlayışınızı çərçivə içinə salmaqdan başqa heç bir işə yaramır.

 

  1. İnsan növünün kütləvi olaraq şəxsiyyət parçalanmasından əziyyət çəkdiyi bir vaxtda, heç kəs bizdən tamamlanmış hekayələr gözləməsin. Varlığın şizofreniya, həqiqətlərin isə simulyasiya ilə sınağa məruz qaldığı bu çağda, fragman bünövrəli, qısa və yarımçıq hekayələr də yazılmalıdır. Bütövlük, hekayənin irəliləyişi üçün həyata keçirilən riyazi əməliyyatlar sistemi deyil. son nəticədə hekayə oxucunun ixtiyarına, təhlilinə buraxılacaq.

 

  1. Bizə görə, 21-ci yüzilliyin post-modern hekayəsi, – artıq biri birindən çin səddi ilə ayrılmış –  lirika, romantik-monoloq qəliblərini özündə daşımaq məcburiyyətində deyil, olmamalıdır.

 

  1. Ədəbiyyatın, (kino, rəssamlıq, fotoqrafiya və s. ilə misalları uzatmaq olar) poetikasının çökdüyünü düşünüb, 70 yaşında bir fahişənin əllərini tutaraq göz yaşlarına boğulan, ya da maddi çətinlik içində olduqları haqda statusları iphone vasitəsilə paylaşan bu saxta filosofların məngənəsindən çıxmağın əsl vaxtıdır.

 

  1. Natamamlıq kompleksləri içində sürünən, yarı-mədəni davranışların əhatəsində çökmüş iqtisadiyyatı ucaldan və hər addımda sadəliyi tərifləməkdən yorulmayanların toplaşdığı məkanlardan kənar duran insanlara ehtiyacımız var.

 

  1. Pul ödəyərək, özləri haqqında tənqiddən daha çox reklam ssenarilərini xatırladan yazılar yazdıranların; qabağına atılan tulapayı yemək qırıntılarını, diz çökərək yerdən büzüşmüş əlləri ilə yığaraq, ona it kimi davrananlar barəsində uzun uzadı mədhiyyə yazanların yanında deyilik.

 

  1. Keçmiş mükəmməl deyildi, bəlkə də heç gələcəyin özü də indikindən yaxşı olmayacaq. İstənilən halda həqiqət ondan ibarətdir ki, əlimizdə ancaq indiki zaman var. Yenə də əmin olun ki, sabah, nə müxtəlif qonorarlar qarşılığında hazırladığınız saxta gözyaşı mətnləriniz, nə də dost məclislərində təqdim edilən, həqiqi oxuyucularınızın sayından qat-qat çox olan mükafatlarınız sizi xilas edəcək.

 

  1. Sadəcə bir neçə şəxs üçün buradayıq. bəlkə də həyatda heç qarşılaşmadığımız, ancaq varlığından ən az özümüz qədər əmin olduğumuz həmin şəxslər üçün yazırıq. Özünü tərifləməkdən yorulmayan və pəncələrinin altında olduğumuzu zənn edənlərin çürük ədəbiyyatlarına qarşılıq, axtarışlarımız film və roman tarixini özünəxas ustalıqla, üstəlik pafosdan uzaq cümlələrlə təhlil etmək bacarığına malik, məhşurluq və təkgecəlik qadınlar üçün yazmayanlardan yanadır.

 

Hələ də dövrün yeni dalğasını yaratmağın vaxtı gəlib çatmayıbmı?

Bir şərh yazın