Dostoyevski və Karenina – Elmaddin Suleymanov

Gecənin bir vədəsi, qeyri ixtiyari və səbəbsiz bir halda Anna Kareninanı fikirləşirəm. Fikirləşirəm ki, görəsən roman tarixinin ən hüzünlü qadını Tolstoyun deyil, Dostoyevskinin obrazı olsaydı, bu hal taleyində nəyi dəyişdirərdi? Annanı belə radikal sual çərçivəsində qürurdan təhlil etməyə başlamalıyıq… Dostoyevski personajlarında qürur, alçalmışlıqdan (təhqir olunmaqdan) alınan zövq/həzzdir. Onlar adətən sözə belə başlayırlar: “Mən alçaq adamam!” Və çox vaxt belə davam edirlər: “9. dərəcədən məmur, qumarbaz, arvadı tərəfindən üzü tüpürcəkli, məhv olmuş Rus liberalı Kolyanov…” Hərəkətləri də əzik, təhqir olunaraq sındırılmış qürurun təzahüründə böyük şəxsiyyətə çevrilir. Kolyanov əlli beş illik ömrünü qısa bir cümləyə sığışdırdıqda, bu, həmçinin də onun yaşama səbəbi, həyatdan aldığı zövq halına gəlir. Karenina da isə qürur əsilzadəliyin sükutudur. Onun özü haqqında deyə biləcəkləri sərhədlidir; o məhz elə bir qürura sahibdir ki, etdikləri başqalarının dillərinə qonaq olur. O, eşqin qurbanı ola bilər, qatar reylslərinin üstündə can verən hüzünlü varlığı eşqi ancaq ən qəddar formada, ölərək cəzalandıra bilər; amma o, heç vaxt bunu zövq mənbəyinə çevirməz. Karenina roman daxilində  – ən azından Tolstoyun şərhiylə – kədərin dözülməzliyi nəticəsində Vronskidən intiqam almaq naminə intihar edir, lakin bir digər tərəfdən bu, Seryojanın əl çatmaz sevgisinə cavabsızlığın da hökmüdür. Bir sözlə, təkrarlayaraq qeyd edək ki, Karenina da qürur zövqün nəticəsi deyil, kədərin  – bəlkə də eqoistcəsinə – ortaya çıxardığı əsillikdir.

Bəs eşq, necə?

Dostoyevskidə “eşqin qadınları” müqəddəs/dinsəl motivdən gəlirlər. Sonya vicdan simvolikasını təmsil edən, bəsit bir Peterburq fahişəsidir; ancaq kim iddia edə bilər ki, o, eyni zamanda da Maqdalenanın gizli obrazı deyil? Qruşenka və N. Flippnovna famme fatale – Lilithin soyundan törəyən – gözəllikləriylə ilahələşmiş, tanrısallaşmış (elədir, Alyoşayla, Mışkinin gözlərindən belə nəticəyə gəlmək mümkündür ki, Tanrı onlara şəxsən əlləriylə toxunub) kultdurlar. Karenina isə nə Sonya ola bilər, nə də ki Nastasya. Karenina da eşq, fəda olmaqdır. Tolstoy Karenina da, qadının eşq tarixindəki ən böyük üzünü göstərib: Onu qurbana çevirib və bunun layiqli jesti (hədiyyəsi) kimi ona mübarizəsi naminə ölümü rəva görüb.

Və ölüm… Dostoyevskinin bir romanı xaric, digər bütün romanlarında xoşbəxt sonluq var. Dostoyevski gözəlliyə inanır, o, uzun və məşəqqətli keçən yollardan sonra qəhramanlara işıq ötürür, onların bizimlə kəsişən hekayələrindən xaric həyatları xoşbəxt müsdəvidə hərəkət edir. Tolstoy isə yekunçudur; o, həqiqəti itirmir. O, bilir ki dünya çirkin sonluqların məhsulu və nəticəsidir. Yəni ki, Dostoyevskinin Kareninanı öldürməyə gücü çatmazdı. Düşünürəm ki, arzu etsə, Tolstoyun Kareninaya bəxş etdiyi izdirablardan daha ağır olanlarını ona yaşadardı, amma Kareninanın ilahi hikməti Dostoyevskinin qələmindən güclü çıxaraq, (bəlkə də Aleksey Kareninlə sürəcək ölümdən betər bir ömür) Kareninanı var edərdi. Tolstoy isə onu öldürür. Onu öldürərək bəlkə də qəhrəmanına ən xoşbəxt sonluğu hədiyyə edir; bilmək olmaz. Amma ən azından, şəxsən bildiyim bir şeyi edir bu ölümlə: O, mənə hər dəfə qatar reylsləri qarşısında Annanın yasını saxladır, onun üçün darıxdırır, onu gizlincə arzulamağa və axtarmağa məcbur edir. Fikirləşirəm: Görəsən o qadınlar doğurdandamı sadəcə romanlarda var olub, ölürlər, yoxsa eşqin fədai qadınları həqiqi həyatda da var, lakin biz koruq? Hər şey ola bilər, hər şey mümkündür…

Bu gün Anna öldü…

 

Bir şərh yazın