“Mənim Kiçik Latın Amerikam” – Elmaddin Suleymanov

Üçüncü dünya xalqlarının dilində sənətçi (populist mənada intellektual) ifadəsi, ehtiva etdiyi mənaya ögeyləşən, bir növ “təhqir”, zarafat vəya xəyalpərəstliyi ifadə edir. Üçüncü dünya xalqlarına xas alçalma (əzilmişlik) kompleksinin ən vurucu halı kimi dilə/anlama siraət edən sözügedən bu qeyri-ciddi aspektuallıq, zamanla, sənətçinin hisslərinə də təsirsiz ötüşmür. Şairin şeirinə, rəssamın rəsminə, ümumi mənada sənətçinin sənətinə (insanın hekayəsinə) inamsız və yadlaşması qaçınılmaz hal kimi müşahidə edilir. Mənim kiçik “Latın Amerika” adlandırdığım Azərbaycan üçün də bu portret keçərlidir. Mənim kiçik “Latın Amerikamda” sənətçi həmçinin də tarixi fobiya nəticəsində hisslərinə, hekayəsinə, ümumən sənətinə inamını çoxdan itirib. Bu ölkədə şair, rəssam, romançı vəya rejissor olmaq xalqın,  zamanla isə indivindual nəzərdə bağışlanmaz “günah” kimi tarixə keçib… Bu insanın fəziləti etibarilə özündən ya da yaratdığından “çəkinməsi” halı deyil; daha faciəvi həqiqətlə, onun qorxaqlaşdırılıb, sındırılmasıdır…

Garcia Marquez XX. əsrin sonlarına təsadüf edən müsahibələrindən birində, magik realizm haqqda ifadə edirdi ki, “Bizim ucsuz-bucaqsız Latın Amerikamızda başımıza gələn vəya müşahidə etdiyimiz həqiqətlər, Avropa və irimiqyasdaki dünya oxucusuna ovsunlayıcı, magik gəlir; hərçənd ki, həqiqət, həqiqətdir, bizə aid olan başqalarına ovsunlayıcı gəlirsə, bu onların xəyali təsəvvürlər olduqlarını ehtiva etmir…”

Marquezin, Octavio Pazın, Carlos Fuentes vəya Vargas Llosa-nın jenerasiyasıyla bizim kiçik “Latın Amerika” sənətçilərini bir-birindən ayıran birincilərin heç də böyük estetlər, nəhəng söz/hekayə ustadları olması deyil, hər şeydən əvvəl, bu dört roman atlısının yaşadıqları hekayələrə inamlarını heç bir vəchlə itirməmələridir.

Fuentes ifadə edirdi; ifadə edirdi ki, “mən qırx yaşıma dək başqa (olmadığım, yaşamadığım) məkan və zamanların hekayələrinə meyl etməklə bir səhər özümü tükətdiyimi fərq edib, susdum. O an mənə hər şey aydın oldu; qapımın ağzında dünənə dək üzünə dönüb baxmadığım yüzlərcə yaşanmışlıq, yüzlərcə hekayə onları yazmağım üçün məni gözləyirdi…”

Mənim kiçik Latın Amerikamda sənətçi başına gələn/təcrübə etdiyi bütün hekayələri görməzlikdən gəlməyə, həqiqətini heç vaxt aid olmadığı hekayələrdə axtarmağa meyilləndi. Şübhə yox ki, bir fransız kafesinin soyuq və səssiz pəncərə kənarlarında sonlanan bir eşqin kədəri bizə xeyli eqzotik, şairanə təsir etmişdi; amma unutmuşduq ki, bizlər onun, o hekayənin yaxşı müşahidəçisi, yaxşı oxucusu olaraq qalmalı, onu ifadə edənlərdən olmamalıydıq… Biz fransızlar kimi ayrıla bilmədiyimizə görə utanmamalıydıq; ayrılığı özümüzə xas (və heç də magik Latın Amerika həqiqətlərindən geri qalmayan) ehtirasla göstərə/yaza bilmədiyimizə görə utanmalıydıq.

7 illik ömrü olan İstanbul macəramdan sonra, tarixin ən susqun, sındırılmış və bezikmiş torpaqlarına – Azərbaycana qayıtmalı oldum. Burada baş verən hadisələri (hətta bir növ hadisəsizlikləri) bir – bir müşahidə edə – edə fərq edirəm ki, burada, xüsusilə kino nəznində Azərbaycan toxunulmamış, əl dəyməmiş qadın bədəni kimi ehtiraslıdır – kəşf edilməmiş, sözə, dilə, kameraya qonaq olmamış minlərcə magik fraqmental/epizodik/nəhəng hekayələr sırayla ifadə edilməyi gözləyirlər. Onların sayı hesabı o dərəcə hüdudsuzdur ki, Vertov, Rosselini hətta Marquezin özü belə bu torpaqlarda ikinci dəfə ölümsüzlüklərini elan edərdilər… Razıyam, xeyli nikbin yanaşmadır; lakin həqiqət budur: o qədər magik həqiqətdir ki bu, mənim kiçik Latın Amerikama aid bütün hekayələr  bu torpaqlardan çıxan/çıxacaq olan bütün sənətçilərə bir neçə nəsil hüdudsuzca bəs edə bilər…

Görmək vədəsidir.

Elmaddin Suleymanov

 

 

 

 

Bir şərh yazın