“Ölü Küləklər Şəhəri” – Elməddin Süleymanov

K.

Qatar səyahəti, sadəcə, bütün gecə çəkməsinə baxmayaraq, ona elə gəlirdi ki, bu, onun həyatından illəri alıb aparmışdı… Xatırlayırdı… həmişə belə olmuşdu əslində, kupelərdə yerləşən qəhvəyi rəngli taxta yataqlarda istədiyi kimi yatmağı bacarmırdı; bu səyahətlərin ən pis tərəfi deyə fikirləşirdi, yuxunun yarımçıqlığıdır. İnsan həyatla yuxunu yol boyunca dəfələrlə qarışdırır… Bu səbəblə də bədəni bir xeyli taqətdən düşmüş, ümumən özünü zəif və yorğun hiss edirdi. Kupedə ondan savayı, həmçinin üç nəfər də var idi: Bunlar yaşı az-çox altımışı haqlamış bir pensioner (o, bütün yol boyu “titulunu” bir xeyli təkrarlamışdı), sakit, verilən suallara kinayəli mimikalar əhatəsində qısa sözlərlə cavablayan bir tələbə və danışmaqdan yorulmayan (hətta bir vaxt ona elə gəldi ki, bu şəxs sırf bu səbəblə, ağzına gələni danışmaq üçün yaradılıb) bir məmur idi… Deyəsən, yol onlar üçün bir o qədər də çətin keçməmişdi; pensioner ayaq üstə, aradabir başı pəncərəyə dəyəcək hala gələrək yuxulayır, bir qədər keçdikdən sonra gözlərini açıb ətrafı süzür, ağzının kənarlarında yığılan tüpürcəyini təmizləyirdi. Məmur yuxuda da pauza vermək fikirində olmamışdı; bir neçə naməlum, dünyanın heç bir dilinə aid olmayan sözlər pıçıldayır, hələ bu azmış kimi ağzında olan qalan dişlərini də qıcırdadırdı. Təkcə tələbə, bəli o, qısqanılacaq həddə səssizcə yatmağı bacarmışdı. Yolun davam etdiyi müddətdə (bu niyəsə onların yatdığı anlara təsadüf edirdi) insanların üzlərini diqqətlə müşahidə etməyə səy göstərmiş, ancaq nə bir xatirə, nə keçmişə söykənən bir iz, nə də yaşadıqlarına dair nəsə tapa bilmişdi. Açığı bu hala kədərləndi, hələ evə qayıtmağa qərar verdiyi anda bu nəzərlərin ona çox şey ifadə edəcəyini fikirləşmişdi; lakin əbəs yerə, bu üzlər heç nədən xəbər vermirdilər

Növbətçinin qalın səsi Bakıya gəldiklərini elan etdi. Qatar sürətini yavaşladaraq dayandı. Qatardan endiyi vaxt əlində bir çemodan var idi sadəcə və o, ilk növbədə, saata baxmaq istədi: Saat Bakı vaxtı ilə 08:43 idi. Kupedəki yol yoldaşlarını gözləyənləri gördü. Pensioneri qucaqlayan gənc bir qadın (Kareninanı xatırladı), yəqin qızıdır deyə fikirləşdi. Tələbənin çemodanına atası əl atdı (Marmeladov yadına düşdü), qəribəydi, çemodanı əlində yaxşıca sıxdıqdan sonra onunla qucaqlaşmağa vaxt tapdı. Məmur isə gülürdü, gülüşünün ortasında sözlər bir-birinə qarışmışdı və onunla eyni yaşlarda görünən üç kişi də (Atos, Portos və Aramis) bu yoluxucu gülüşdən məmnun idilər. Doğurdan da, indi o, bu şəhərdə, geridə qalan o qədər ildən sonra, keçmişə dair heç nə xatırlamırdı. Ətrafda görünən seyrək insanlar belə ona yad kimi gəlirdilər. Qəfildən başa düşdü ki, onu gözləyən yoxdur və astaca yüngül çemodanının qulpundan yapışaraq perrona tərəf hərəkət etdi…

Perron səssiz idi. Ölü sükutu. Yolda döş cibindən biletini çıxardaraq bu günün bazar olduğunu öyrəndi. Bir o qədər də işinə yaramayan sözügedən məlumat qeyri-ixtiyari üzünü güldürmüşdü; bazar günləri səfər üçün ən labüd gün sayılırdı. Bakını da bir bazar gecəsi tərk etmişdi.

Küçəylə bir qədər getdikdən sonra dincəlmək üçün taksafonun qarşısında dayandı. Çemodanını ayaqlarının dibinə qoyub, siqaretini yandıraraq, tərini sildi. Görəsən, indi hansı prospektdə idi? Az sayılı maşın və insanlarla əhatələnən küçələr, pərdələri aralanmamış ev pəncərələri, səkiləri süpürən qadınlar… Bazar gününün portreti bundan artıq olmazdı yəqin. Qadınlara ürək ağrısıyla baxdı, yorğun əllərinə taxdıqları əlcəklər cırılmışdı. Üzləri eyniydi. Həyatları yuxusuz keçmişdi… Onların gedəcək yerləri yoxdur, onlar üçün ev də, vətən də, küçələrdir… İçdən, ağır köks ötürüb siqaretin kötüyünü qəsdən səkiyə tulladı. Elə çemodanına əl atmağa hazırlaşırdı ki, gözü arxasındaki taksafona sataşdı. Bu, dəstəyi asılmaqdan çürük-çürük olmuş taksafon ona insan üzlərindən daha çox şey ifadə edirdi. Təəccüblüydü: Böyük mənzərələr ağlının kandarlarından uçub getsə də, künclərdə gizlənməyi bacarmış detallar, hər şeyi hər zaman məhv edən o detallar, onu hələ də tərk etməmişdi.

Bir vaxtlar telefonun ekran işığının yanması üçün gözlədiyi həyəcanlı saatları xatırlamasa belə, hələ də K.nın telefon nömrəsini əzbərə bilirdi.  Qəpiyi tələskənliklə taksafonun deşiyindən içəri daxil etdi. Nömrəni yığdı. Telefonun “qudoku” elə bircə dəfə getmişdi ki, utandığından dəstəyi yerinə asdı…

Ona nə deyəcəkdi axı? Deyəcəklər illər əvvəl, həm də artıqlamasıyla deyilib qurtarmayıb? Yaxşı, deyək ki, hal-əhvalını soruşacaq, bəs deməz ki, bunu niyə on il sonra, həmçinin də bir bazar səhəri soruşursan? Bazar səhərləri qəfil zənglə yuxudan oyadılan insanlar necə olurlar adətən? Axı bir dəfə getdi zəng, bəlkə də artıq oyanıb, onu həm oyadıb, həm də narahat saxlamaq düzgün iş deyil. Və təzədən dəstəyi qaldıraraq nömrəni yığdı.

Qısa bir müddət sonra telefonun digər tərəfindən bir qadın səsi eşidildi. Yuxulu, qəmgin, lakin tanımadığı bir səs: “Kim lazımdır?” deyə soruşdu… Xatırlamadı; xatırlamadı ki, K. “Alo” ifadəsini heç vaxt səmimi hesab etməyib, xatırlamadı ki, tanımadığı nömrələrə qarşı içində həmişə gizli bir nifrət olub və bir də yaddaşına gətirə bilmədi ki, K. üçün bazar günləri digər günlərlə eyni mahiyyətdədir; həftənin altı günü səhər saat səkkizdə həyatı naminə oyanmaq məcburiyyətində olan hər kəs üçün, bazar səhərləri artıq yatmaq qadağandır…

Susaraq narazı səsi tanımağa cəhd etdi. Şübhəyə düşdü: K.nın səsi bu qədər dəyişmiş ola bilərdi? Ona aid heç nə xatırlamadı.Yox deyə təkrar etdi içindən, onun bu son on ildə ünvanını dəyişmək ehtimalı, səs tonunu dəyişmə ehtimalından daha qüvvətlidir. Dəstəyi asdı…

 

A

K. bu tip telefon sadistlərinə çoxdan bələd idi. Ona görə də təəccüblənməyərək çemodanını yığmağa davam etdi. Divardaki saat doqquzu işarə etdiyi üçün vaxt az qalırdı. Tələm-tələsik hamama daxil olub duş qəbul etdi; güzgünün qarşısında ən sevdiyi (onun on il əvvəlki hədiyyəsiydi bu – lakin K. xatırlamadı) ətiri boğazına sıxdıqdan sonra otağa qayıdıb əynini geyindi. Yemək stolunun üstündən evin açarını götürürdü ki, qapı döyüldü. Gələn ev sahibi Roza xanım olmalıydı. Yanılmamışdı, Roza xanım onun üzünə kədərli-kədərli baxaraq keçən on ilin xatirələrini yadına salmağa başladı… A-dan bəhs edirdi, A. ilə K.nın eşq tarixçəsini unuda bilmədiyini bildirirdi. Bundan – bugündən – sonra bu evin hər küncündə onlara aid xatirələrlə başqalarının yaşayacağını bilməsi, Roza xanımı qəhərləndirmişdi… Bu yaşlı rus, lirik səs tonuyla danışdıqca K.nın üzünə donuq, hərəkətsiz təbəssüm yayılmışdı…. Şübhəsiz ki, Roza xanım xeyli yaşlıydı, itirdiyi xatirələrin kədərini, K.nın yaşamadığı xatirələrlə qarışdırmışdı… Yaşlı qadının sarsaqlığı K.ya içdən-içə təsir etsə də, o, qadına gülərək, hər şeyi başa düşdüyünü hiss etdirməyə çalışmışdı… (Doğurdan? Doğurdandamı K. hər şeyi başa düşürdü?) K. keçmişi bütövlüklə yaddaşından uzaqlaşdırmışdı. K. keçmişi olmayan qadın idi… Elə olmasaydı, A.nı elə oradaca yadına salmazdı? Nə danışırdı bu qadın?… Təzədən saata baxdı, vaxt qısıtlıydı, getməliydi. K. Roza xanımın hər iki üzündən öpərək açarı təhvil verdi. Blokun qabağında başını qaldıraraq eyvanına son dəfə baxdı. Bir musiqi uçuşurdu dilində: Bu son görüş, bu son vida…

Taksi sürətlə aeroporta istiqamətlənirdi. K. pəncərədən Bakıya, bəlkə də, son dəfə baxırdı… Taksi qırmızı işıqda dayandı. Qabaqlarından gülüşə-gülüşə, birinin əlində çemodan, dörd kişi keçdi. Yüksək səslə danışır, bir – birilərini dinləmirdilər. Görəsən, hardan gəlirlər deyə fikirləşdi K. Əsas da, niyə, nə var bu boz, ölü küləklər şəhərində? Çox şey dəyişmişdi, deyəsən. İnsanlar artıq bir-birilərinə baxmırdılar. Gücsüz, əsəbi, hallarından narazı görünürdülər. Lal, kar, dinməz… Yaşamın monotonluğu onları hisslərdən uzaqlaşdırmışdı. Elə bu gözdən itən taksafon kimi tənhadırlar. Bir də Bakının aeroporta aparan yolları necə də gözəldir. Ancaq, sadəcə, bu yolları, sanki, son baxışda aşiq olmağı tələb edir. Aşiq olmaq? Yox, K. heç vaxt sevə bilməmişdi…

 

K.

İlk vaxtlar çarəni içkidə axtarmışdı; sübh əzanı səslənənə qədər içir, o hüzünlü səsə qulaq verərək divanının üstündə mürgüləyirdi. Bir müddət keçdikdən sonra elə səhərlərin birində başa düşdü ki, bunun axırı yoxdur və içki sakitləşdirmək əvəzinə hissləri daha da dərinləşdirir. Əsrlərdir davam edən qaydanı pozmadı: Çıxış yolunu başqa kəsdə axtardı. Axşamları şərab içdiyi, gecəyarsınadək kino izləyib sonrasında sevişdiyi bu şəxs ona oxşamasa belə, ona elə gəlirdi ki, onlar eynidirlər. Sevişərkən danışmağı sevərdi, o sevmirdi. Səhər oyanan kimi ilk iş olaraq ləziz bir caz dinləyərdi, onun cazdan anlayışı yox idi. Qara geyinmək onun ruhuyla örtüşürdü, lakin o, daha rəngarənk geyinirdi və bu, ruhuyla düz mütənasib idi… Şəkillərini cırıb atmışdı. Hədiyyələrini başqalarına vermişdi. Hətta vəziyyət o yerə gəlib çatmışdı ki, ona aid, onu xatırladan heç nə tapa bilmirdi. İllər illəri qovaladıqca əvvəlcə səs tonunu, sonra qulaq quruluşunu, gözlərini, qaşını, saçlarını, əllərini, alnının geniş olub-olmamasını, bədəninin həcmini unutmuşdu… Varlıqqırım idi bunun adı; hirsini tənzimləməyib, onun bütün zövqlərini də buna daxil etmişdi. O insan heç doğulmamışdı, ölməmişdi, tanış olmamışdılar. Küçədə görsə, tanımazdı… Pasport növbətçisi A, K.nın monitora yansıyan üzünə baxdıqca belə fikirləşirdi. Sırada gözləyən insanlar narazı pıçıldamalara başlamışdılar. K. isə qıraqda qapının açılmasını gözləyən insanlara baxırdı. Bakıya Madriddən, Oslodan, Dublindən gələn insanlar. Bakıdan Parisə, Pekinə, Lissabona gedən insanlar. Ayrılıqlarla, qovuşmaların bir-birinə bu dərəcə yaxın olduğunu heç fikirləşməmişdi. Üzünü astaca növbətçiyə çevirdi. Hər gün qarşılaşılmaq ehtimalı olan üzlərdən biriydi. Cəsarət edib şüşəni döyəclədi. Səs növbətçini oyatdı, K. ilə üz-üzə baxdılar. A. üçün bütün bu müddət üç saniyə çəkmişdi sanki… Başınızı qaldırıb, kameraya baxın. K. gözlərini kameraya zillədi. Növbətçi pasporta möhürü vurub, K.nın qabağına uzatdı.

 

A.

A. çemodanını otelə yerləşdirdikdən dərhal sonra küçələrin canına düşüb ev axtarmağa başlamışdı. Xüsusilə gəldiyi yeri xatırlatmayan: mərkəzə uzaq, ucuzvari, sakit bir küçədə istəyirdi evi. Nəhayət ki, belə bir ev tapdı: üç otaqlı, geniş, məhləyə baxan bir mənzil. Evin içini gəzişdiyi vaxt hər şeyin səliqəylə yerləşdirildiyini fərq etdi. Evə qadın əli dəydiyi mütləq idi. Evi – qadına oxşatdı…Görəsən, kimlər yaşayıb bu evdə, neçə yaşındadır bu ev, xoşbəxtliklər, kədərlər hansı künc-bucaqlara gizlənib deyə fikirləşdi. Bir yerə qədər yanılmırdı əslində: Xatirələrinin bulanıq kadrları ilə indi görüb yaşadıqlarının gizli əlaqəsi olduğunu hiss edirdi. Ancaq sadəcə, bu qədər. Ona nə ad verə bilərdi, nə də maddi sübut ki, fikirləşdikləri isbatlansın. Reallıqla yuxunun iç-içə keçməsiydi bu. Hansı həqiqət, hansı yuxu idi? Bilmirdi bunu A… Onlar necə də oxşar idilər. Bəlkə də keçmişə dair təsvirləri əsassızdır, keçmiş deyə bir şey yoxdur, heç yaşanmayıb? Yataq otağına keçdikdə az əvvəlki hissləri bir az daha qüvvətləndi: Gördüyü tənha çarpayı mənbəyini bilmədiyi yerdən gələn sızıntıya səbəb oldu. Çarəsizlikdən dejavu adlandırdı onu: sanki, o, burada nə vaxtsa olub, nəm iyi yerli yerindədir; yatıb bu çarpayıda, sevişib, pəncərəsindən küçəyə boylanıb, caz dinləyib, film izləyib. Gülümsədi; üzünü yaşlı qadına tərəf çevirib razı olduğunu dedi. Ev sahibəsi Roza xanım çoxdandır boş qalan evinə müştəri tapdığı üçün məmnun oldu…

Geriyə, günü başa çatdırmaq üçün tək bir iş qalırdı: Otelə yollanıb, çemodanı otaqdan götürmək. A. elə də etdi. İyirmi üç nömrəli otağın qapısını açıb gəldiyindən bu yana əl vurmadığı çemodanından yapışaraq aşağı endi. Ödəməni etdiyi an özünü halsız hiss etdi. Bir az dincəlməli, özünə gəlməliydi. Tələsməyərək ətrafa boylandı. Uzağa getməyə ehtiyac yox idi, elə bu otelin kiçik restoranı kifayət qədər onu sakitləşdirə bilərdi. Bir-iki masa istisna, demək olar ki, restoran bomboş idi. Fonda aşağı səsdə musiqi oxunurdu. Pəncərənin dibindəki masaya oturdu. Pəncərənin çölü də restoranın içindəki abu-havadan fərqlənmirdi. Stoluna bir qadın yaxınlaşdı. Boydan aşağı qara rəngdə geyinmişdi. Deyəsən, hər gün belə geyinirdi, çünki rəng xeyli nimdaşlaşmışdı. Üzündə sadə makiyaj vardı, o da, yəqin ki, müştəri məmnuniyyəti üçün. Qulaq quruluşundan məmnun olmadığı onları saçlarıyla örtməsindən bilinirdi. Əlləri kiçik, dırnaqlarında boya yoxdur. Alnı geniş idi, bədəni çəkici. Dinmədən A.nın gözlərinə baxdı. Doluxsunmuşdu bu gözlər, lakin bu ana məxsus deyil, yaradılışı etibariylə… Şərab istədi A. İsti şərab. Qadın əlindəki kağıza qeyd apardı, heç nə demədən uzaqlaşdı oradan. Qısa müddətdən sonra qadın əlindəki şərabla ona yaxınlaşdı. Şərabı qabağına yerləşdirib, nuş olsun dedi, sadəcə. A. təşəkkür etdi. “Xoşdur” deyə cavablandırdı qadın, laqeyd, bütün müştərilərə görə tənzimlənən səs tonuyla. Bir masa daha dolmuşdu bu anlarda. Qadın onlara yaxınlaşdı. A. arxadan onu süzdü. Bir neçə yemək adı sıralandı, K heç birini unutmamaq üçün qeyd dəftərçəsinə yazdı. Hiss edilirdi ki, növbəti sifarişi alanda digər masaya verdiyi isti şərabı artıq unutmuşdu…

Elməddin Süleymanov / 15 Oktyabr, 2015. İstanbul.

 

 

 

 

Bir şərh yazın